qaçqınkom.com
Xalqa satlıq pişiyini sırımaq istəyirsənsə, əvvəlcə ona siçan bağışla
Murovdağda satılan topraqlar deyirdi ki, torpaq - əgər uğrunda ölən varsa vətəndir…
Sulutəpədə satılan topraqlar deyirdi ki, torpaq - əgər üstündə yaşayan varsa vətəndir…
İmişlidə məskunlaşan qaçqın Arus deyinirdi:
- Bu hökumət mənim nəyimnən gördü belə? Başqalarını ağ çadıra, qızıl çadıra ötürdü, məni qara çadıra.
Qaçqın Nəbi ölüm ayağında götürdü prezidentə məktub yazdı ki, onu öz torpaqlarına qaytarsın, oralarda qəbir yeri havayıdı…
O vaxt ki, Azərbaycanda Ailə Sevinci də vardı, Bəxt də, Ümid də- hamısı da loto şəklində…
Qiymətli Kağızlar Komitəsinin vəzifədən çıxarılandan sonra müflisləşmiş sədri ah çəkdi:
- Hər bir kəsin həyatında elə bir an gəlir ki, onunçün bütün kağızlar qiymətli olur- hətta tualet salfetkası da.
Atası dedi:
- Xalqımız milyonçu xalqdı, bir milyona yaxın qaçqınımız vare…
Atalar dedi:
…(Mətnin bu yerinə bir milyona yaxın atalar sözü əlavə olunur).
Qaçqın Nəbi ermənilərin zəbt elədiyi evinin və həyatyanı torpağının əvəzində özü də şair Əlisəmid Kürün Bakıdakı üç otaqlı evini və Biləcəridə yarım hektar torpağı zəbt eləmişdi. Mən görməmişəm, amma deyilənə görə, Əlisəmidin evinin pəncərəsi dənizə baxırmış- statusu hələ də müəyyən olunmamış Xəzər dənizinə.
Canın sağ olsun əşşi, şair olan QƏM də yeyər…
…Surlutəpədəki 2-3 mərtəbəli villalara çadırdan baxıb əsəbləşməkdə Arus haqlıydımı?
1. Haqlıydı. Çünki, o villaları elə tikirdilər ki, onlar öz görünüşüylə qara camaatın üzünə irişirdi, qəh-qəhə çəkirdi, ələ salırdı camaatı. Hərçənd o villaların proyektlərini elə vermək olardı ki, bir az qaşqabaqlı, bir az fağır görünsünlər və kasıb-kusubun sifətinə hırıldamasınlar, mərmər dişlərini ağartmasınlar.
Qudurublar. Bizim payımızı basıb yedikləri azmış kimi , üstəlik bizdən yediklərini qaytarıb üstümüzə qusurlar da…
2. Haqsızıydı. Çünki, onun öz kəndində evlərin hamısı bünövrədən ikimərtəbə qalxırdı. Baxmayaraq ki, ikinci mərtəbəni başa gətirməyə nə ömürləri çatırdı, nə də pulları. Təki bayırdan baxanda hündür görünsün.
O bütövə ki, sənin nəğd imkanın çatır, nisyə yarımçığa niyə can atırsan, ay bədbəxt?… Elə Böyük Turan, Vahid Azərbaycan quruculuğuna da çatışmayan bu 5-6 kub taxta, 5-6 min də çiy kərpic olub da.
Şübhəsiz ki, vaxt gələcək Qaçqın Nəbi də ölüb gedəcək bu dünyadan… Yox, Nəbi dünyadan getməyəcək, o yazıq dünyanı görməyib axı. Dünyadan Səməd Seyidov (Avropa Şurası), Nazim İbrahimov (DAK) gedəcək.
O Nəbi ki, doğma torpaqlarda qoyun otardağı vaxtların birində əlini gözünün üstünə qoyub dağ başından bircə dəfə bu dünyaya baxmışdı və demişdi:
- Busan da, dünya… Demokratik Amerikasan, Qardaş Türkiyəsən, Avropasan- nəsən, axır ki, busan da. 5-6 hektar otlaqsan, 5-6 yüz qoyunsan, 5-6 dənə itsən… Busan da …
Qaçqın Nəbi xoşbaxt adamdı, onun ölüm üçün şərəfli səbəbi bəri başdan hazır idi- qəzetlər yazacaqdı ki, kişi torpaq xiffətindən öldü.
Hə də, indi ölənə qədər alibi lazımdı. İndi bizdə yalnız əcəldən ölmək SPİDdən ölmək kimi ayıb bir şeydi. Gərək ortada milli və ya buna bənzər bir səbəb ola- dəb belədi. İndi Qaçqın Nəbi buna görə ürəyinin dərinliklərində çox sevincək idi.
… 89-cu ildə mən yaman sevincək olmuşdum. O vaxt deyiləndə ki, hansısa dünya mətbuatı bizi ilin xalqı elan eləyib. Ta orası mənə çatmamışdı ki, «ilin xalqı» o deməkdi ki, biz heç vaxt tarixin xalqı olmayacağıq.
Həə, Qaçqın Nəbinin də başdaşıları boy sırasıynan düzülmüş qəbirstanlıqların birində basdıracaqlar, bir başdaşı qoyacaqlar və daşın hündürlüyü yanındakından mütləq iki santimetr hündür olacaq. Üstündə də yazı: «Oğlanlarından xatirə»…
Molla Xanım heç kimə demədi ki, Allahız olsun, başdaşı diridən xatirə ola bilməz, o ölüdən bu dünyada qalan xatirədi.
Demədi ki, iri gözlər özlərini görməyə yox, görünməyə həsr eləyirlər.
Demədi ki, bu efirdə oxuyan kişinin əsl adı Mameddirisə, niyə bağırır ki, «Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam…»
Sonrası da elə belə oldu da, Fatma Nisə də durub dedi ki, bura bax, mən də «Azərbaycan qızıyam… Gözəllik ulduzuyam…». Özü özünə girişən xalqın lap sonrası da belə oldu ki, Lerikdə 70 yaşlı kişi həmyaşıdı olan prezident haqda dedi: «Allah babamın canını sağ eləsin».
Allah bizə HİMN verdi, SƏS vermədi, oxuya bilmirik…
Ancaq yaza bilirik, Az.TV-nin həyətindəki 5-6 ağacın arasında kamera qarşısında fikirli-fikirli gəzən şairlərimizə (adətən, bu vəziyyətdə onların hamısı ağacdan mütləq bir dənə yarpaq dərməlidirlər) bax.
Şuşa barədə kitab-kitab şeir yazan bizim bu vətənbaz şairlərə məsələn, Mingəçevirin və Culfanın işğal olunması qəti sərf eləməzdi. Mingəçevirin və Culfanın qafiyəsi çox azdı, çünki.
Canın sağ olsun, əşşi, şair olan HƏM də yeyər.
İndi nə olsun ki, şöhrətdən gözümüz doymur, üstəlik o şöhrətin ordenini də istəməyə başlayrıq.
Qaçqın Nəbi doğma torpaqda təkcə ev-eşiyini yox, ahıl vaxtında eşqə düşüb gözaltı elədiyi molla Xanımı da qoyub gəlmişdi. Ölüsünü, yoxsa dirisini, indi də bilmirdi. Nəbi ələmgəzdirən idi və bu hesabla onların ikisi də Allahın yerdəki dəftərxanasının işçiləriydilər.
Hayıf ki, salavatın birini bir «məmməd»ə qalxdığı indiki yas məclislərini, bir də demokratiyanı görmədi molla Xanım. Artıq seçki qutuları dı şəffafdı, bir azdan nəzir qutuları da şəffaf olacaq inşaallah. Qalan şeylərsə təsadüfdü- həm dollara, həm də Səməd Vurğun küçəsindəki məscidə «GÖY» deyilməsi də, GÖY məsciddən bir az yuxarıda MAVİLƏRİN yığılması da…
Elə qızılın iki dəfə qiymətdə qalxması da təsadüfdü, sən öl. Qızıl kimi biri şey olan demokratiyanın Azərbaycana gəlməsi də təsadüfdü. Onu bizə külçə şəklində gətiriblər, görmürsən ki, ondan cəmiyyətin zinət əşyalarını düzəldə biləcək zərgərlərimiz yoxdu?! Görmürsən ki, sivill dünyada sakit, başıaşağı demokratiyanın Azərbaycanda qudurub meydan sulaması da olur?!
Canın sağ olsın əşşi, onsuz da bizim bütün qızıllarımız elə külçə (xammal) şəklində olub- ağ qızılımız pambıq da, qara qızılımız neft də.
Qaçqınlar doğma torpaqlarda təkcə ev-eşikləirini yox, qoyun-quzularını yox, həm də kənddə illər uzunu qazandıqları adları qoyub gəlmişdilər. Oralarda Ələm Nəbini «Ələm» adı, Qarğı Musanın «Qarğı» adı, Cahargah Arusun «Cahargah» adı qalmışdı. İndi hərəsi şəhərin bir tərəfinə dağılmış bu adamları bakılılar «metirkadakı» kimi tanıyırdılar və bu hesabla onlar təzədən doğulmuş adamlar idilər…
Arus deyirdi:
- Kənddən çıxan böyük adamların adını verməyə kənddə nə küçə, nə yol, nə xəstəxana, nə teatr var. O adları şəhərdəki yerlərə verdilər.
Arusun ən çox işlətdiyi ifadə buydu: «Darıxma, düzəlməyəcək!»
Qaçqın Nəbinin ən çox işlətdiyi ifadə isə bu: «Jirinovski qələt eləyib elə deyib».
Jirinovski doğrudan qələt eləmişdi. Babası Qoç Koroğlu, havası Qoçəli, bürcü Qoç bürcü olan insanları qoyun adlandırmaq olmazdı.
Hələ mən onu demirəm ki, Koroğlunun dəlilərindən birinin Kürdoğlu yox, Qurdoğlu olması haqqında 50 il mübahisə eləyən camaata qoyun demək şərəfsizlikdi.
… İl qurtarır. Yenə də yanvarın 1-də yeyib- içib yanvarın 20-də qaşqabağımızı sallayıb soyuqdan büzüşə-büzüşə bahalı qara mərmərlərin tamaşasına gedəcəyik. Ora hər kəsin yaddaş yeridi, indi noolar ki, 20 yanvarda şəxsi evlərin divarlarına dəyən güllə yerlərinin birini də heç kəs saxlamadı. Hamı öz evindən o izləri sildi, yevroremont elədi.
Bu il də yanvarın 20-də siyasətçilər qara kostyumlarını, qara saroçkalarını, qara ayaqqabılarını geyib, qara kəmərlərini, qara qalstuklarını taxıb çıxacaqlar ekrana. Onlar hüznlü günlərdə «padsvet» geyinməyi çox sevirlər.
Neynəyək, təqvimimizdə basabasdı da… Ordakı günlər ya qırmızıdı, ya da qara, adisi yoxdu. Hamısını qeyd eləyəsi olsan, gərək gündə bir cildə, bir ovqata düşəsən.
Onsuz da ulduz falları dəbə düşəndən bəri kalendarnan hərəkət eləyən yoxdu daha. Məsələn, daha bizimkilər təkcə aprelin 1-də bir-birlərini aldatmırlar.
Əladı, cəmiyyətdə «farşivi» yalan yerimir…
Yenə də idmana şükür.
Erməniləri fubolda udan oyunçularımızın hər birinə xeyli pul verildi. Hayıf, müharibədə ayaqlarını itirmiş əlillər heç vaxt futbol oynaya bilməyəcəklər.
İndi qoy bir sirr açım smizə. Bütün bu problemlərin səbəbi ondadır ki, burda bir sürüşkənlik mühiti var. Buranını «ciddi siyası və başqa fiqurları» fiqurlu konkisürənləri xatırladır.
Qar lazımdı bizə. «Qoryaçı krovlara» bir az üşümək, bir az donmaq lazımdı. Buz lazımdı bizə. Məsələn, bir əlacımız da xokkey meydançalarımızın salınmasındadı, «Azadlıq», «Qələbə» meydanlarından bir şey çıxmadı, heç çıxmayacaq da.
İdmanın inkişafından danışdıqsa, gərə sübut kimi xalqımızın gimnastikasından balaca bir reportaj verək:
1-ci hərəkət: Əlləri yanda idi. «Farağat» komandasından sonrakı vəziyyətə oxşar görüntü. Nizamilik görüntüsü, hazırlıq «stoykası»…
2-ci hərəkət: Sonra sağ əlini yuxarı qaldırdı. Düyünləşmiş yumruq və «Azadlıq» qışqırıqları.
3-cü hərəkət: Qalxdı-oturdu, oturdu-qalxdı…
4-cü hərəkət: Sonra hər iki əlini yuxarı qaldırdı. Təslimçilik.
5-ci hərəkət: Əlləri hər yerdə üzülmüş vəziyyətdə.
6-cı hərəkət: Nəhayət əllərini qabağa açıb dilənməyə başladı…
… Qaçqın Nəbisə öldü. 70 yaşında. Anonim bir ömür.
Yəqin, yüz ildən sonra elm onun ucbatından çaş-baş qalacaq. Ki, tarixdəki əsgər çəkməsi yanındakı bu qaloş hansı xalqa məxsusdu görəsən?
Qurtarıram… Axırda 60 və 70 yaşları yüksək səviyyədə qeyd olnmuş sənətkarlarımızı təbrik eləyirəm. Bəli, bizdə sənətkarın dəyəri yalnız yuvarlaq rəqəmlərdə ifadə olunur. Biz xırdaçı deyilik ki, yalnız yüzlüklərdən və minliklərdən ibarət pulmuz da belədi.
Nəhayət, yubiley təbriki: Hörmətli …! Siz 50 il sənətdə can qoymuş, xalqa xidmət eləmisiniz. Sizin bir-birinin dalınca çıxan «Ən qədim Azərbaycan», «Vahid Azərbaycan», «Şimali Azərbaycan», «Qarabağ», «Kəlbəcər», «Kərkicahan» kitablarınız var.
Düzdü, o kitablar dünyanın biri neçə dilində çap olunmasa da, Azərbaycanın bir neçə əlifbasında dərc edilmişdir…
Açar sözlər:


salam azerbaycanda yek stili olan oqullardan biridir. teessuf ki, memleketde beleleri azdir, hami hansisa qeliblere siqinib. gorunur rusiya tehsili oz ishini gorub. indiki tehsilden alsaydi, salam da qoshma-bayati yazardi AYB-ciler kimi. bu adamin cox, cox maraqli ve oxunaqli qelemi var, inanin mene, bir professional oxucu kimi size deyirem. odur ki, oxumaqa deyer. men her defe onu oxuyanda hezz apariram, nelerise nishanlayiram, sonra defterceme, ya da fayllarima kocururem. bu adam bir deryadir, onun her kelmesinden, her cumlesinden bir meqale yazmaq olar.
Avqust 4, 2008 13:16