Azadlığın adlıq halı
KÜL keçəlin başına…
…
Küçələrdə addımbaşı tərəzi qoyub adamları çəkənlərdən ehtiyyatlı olun. Azərbaycan elə yerdi ki, burda insanları öz çəkisində də aldada bilərlər.
...
«… Baxdım QARABUDAĞA - baş kəsib, qan töküb ad çıxarıb»… Baxdım QARABULAĞA - baş kəsilib, qan tökülüb ad çıxarıb. Baxdım sənə - əlində qılınc əvəzinə qərənfil (inqilabı) tutmusan.
Qoy olsun… «Çiçəklənən Azərbaycan» deyəndə həmvətənlərimizin Rusiya bazarlarını, Şəhidlər xiyabanını qərənfillə doldurmasını nəzərdə tuturmuşuqsa, onda hər şey düppədüz.
…
Dizayn baxımından metro vaqonları nevroz zəminli. Oturacaqlar elə qurulub ki, adamlarla üz-üzə qalmağa məhkumsan. Adamlarınsa üzündə yalnız mənfi enerji ötürən rəngarəng cizgilər – ağrıdan fırıldağadək.
Bunu sənə qətiyyətlə deyirəm, oğlum. Ki, həmvətənlərimiz bir-birinə səmimi qəlbdən nifrət eləyirlər.
Heç fərqi yox, əslində həmvətənlərimizin üz-üzə olduğu bütün hallar və pozalar qarşıdurma effektli.
Bir birimizlə üz-arxaya oturduğumuz «marşrutkalar» daha yaxşı. Nədən ki, adamlarımız boyunlarının dalından xoşbəxt və zərərsiz görünürlər.
Fikir verməmiş olmazsan ki, məhz mitinqlərdə xalqımız həmrəy, səmimi, mehriban görünür. Yoox, bu, onun mahiyyətindən gələn əlamət deyil. Bu, həmvətənlərimizin mitnqlərdə bir-birinə yönəlik aldığı pozanın doğurduğu nəticə. Məsələ onda ki, belə yerlərdə adamlar üz-arxaya dayanır və bir-birilərinin sifətini görmürlər.
Vətəndaş müharibəsinə potensial təhlükə iqtidar-müxalifət münasibətlərində deyil ki, camaatın ayrı-ayrı qrupları arasında qarşılıqlı hörmətsizlikdə, qəddarlıqdadı. Azərbaycanda satıcı-alıcı, nəzarətçi-dustaq, müəllim-tələbə, deputat-seçici, polis-vətəndaş, sürücü-sərnişin arasında əsl müharibə vəziyyəti var.
…
Bizim milli keçəllərimiz iki hissədən ibarət: özgəsinə quyu qazan MAMEDLƏRDƏN və o quyuya düşən MƏLİKMAMEDLƏRDƏN.
Yeri gəlib qoy deyim. «Özgəsinə quyu qazan özü düşər» misalına qarşı quyu qazan mamedlərimizin əsaslı arqumenti var: Azərbaycan elə yerdi ki, burda «özgəsinə qazMAdığın quyuya özün düşəcəksən».
…
Tərslikdən biz tərəfdə suyun gəlməməyi (saatnandı) və suyun getməməyi (zirzəmilərdə il boyu boğazcandı) eyni problem.
Xalqımızınkı suynan heç gətirmyib. Qarğanmışdığdandı, tanrı bu odlar yurdunun üstünə tökməyə su yox, neft göndərmiş.
Göndərdiyi su da nədi ki?!.. Seldi ki, Sarasını apardı. Kürdü ki, dəlinin biri. Arazdı ki, vətəni iki yerə nətəhər bölübsə sinədəftər və sinəmedal şairlərimiz də quruda bilmədilər. Xəzərdi ki, statusu sual altında.
Çox güman Allah özü belə məsləhət bilib. Nədənsə neftin fantan vurduğu ölkələrdə su ən ciddi problemlərən biri. Belə ölkələrdə yerlərdə su çəkdirmək deputatlığa namizədlərin ən dəbdə olan vədi.
Şərq poeziyasında göz yaşlarının bol olması təsadüfi deyil ki. Məişətdəki adi su problemi ədəbiyyata sirayət etməliydi, edib də.
Neftin fantan vurduğu ölkələrin özünəməxsus maye fəlsəfəsi. Oğlum, belə yerlərin admları çayxor, sulu qəlyana meylli, özgəsinə quyuqazan olurlar.
Neft VIŞKALARI ilə məscid MİNARƏLƏRİNİN eyni hündürlükdə olmasında qəti bir qanunauyğunluq.
Ancaq Türkiyədə neft yox. Yəqin ondandı ki, Sibel Can ölmüş atasının xatirəsinə iki məktəb açıb və orada oxuyan uşaqların bütün xərclərini şəxsən ödəyir.
Bizimkilərsə ölənlərinin xatirəsinə uzaqbaşı bulaq açarlar, bir kran bağlayıb yanından löhvə asarlar. Və bir qayda olaraq o kranlardan su gəlməz.
…
İnsan ƏZABlarıyla insan ƏZAları arasında əlaqə həm də linqivistik. «Cəbəllüttariq boğazı», «Ümid BURNU» (Afrikanın cənubunda), «Missuri QOLU», «İngilis BARMAĞI», «Axilles DABANI»… İnsan əzaları hər yerə dağılmış – coğrafiyaya, siyasətə, fəlsəfəyə, tarixə.
Tarixdə isə dabanından oxlanmış birinin «Axilles dabanı» qaldı, dabanından soyulmuş o birinin «Nəsimi dabanı» yox.
…
«Pobeq iz Şouşenko» filminin qəhramanı bütün türmə həyatını «bayıra» lağım atmaq kimi çətin bir işə həsr eləmişdi.
D. bütün türmə həyatını şahmatı öyrənmək kimi «mənasız» bir məşğuliyyətlə keçirmişdi ki, azadlığa çıxanda çempion olsun.
Bunların hər birinin arxasında eyni dərəcədə zəhmət, məşəqqət, sarsıntı dayanır. Sual isə çox sadə: azadlıq özü onun uğrunda bu boyda məhrumiyyətlərə və riskə dəyərmi?
«Dəyərmi?» sualının cavabında dəyirmi bir labirint. İdmançı finiş xəttini tez keçmək üçün illərlə məşq eləyir, xəttin o tərəfindəsə elə əvvəlki adi həyatı.
Azadlıq uğrunda mübarizələr yalnız estetik elementləriylə maraqlı. Tarixdəki müharibələrdən döyüş taktikalarını çıxsan yerdə çox az şey qalar.
Elə bizim özümüzün azadlıq uğrunda mübarizəmiz də şəhidlər xiyabanındakı mərmər kompleksin gözəlliyindən başqa heç bir məna kəsb eləmir.
Elə «Pobeq iz Şouşenko» filminin qəhramanı da məhbəs kamerasından azadlığa atdığı lağımı gözəl bir xanımın portreti arxasında gizlətmişdi.
Elə Spartak üsyanı da nəticədə qulların xaç şəklində dirəklərə simmetrik mismarlanmasıyla daha maraqlı.
D. türmədə şahmatı kamerasındakı dama-dama adyalın üstündə çörəkdən qayırdığı fiqurlarla oynayırdı. Sonra fiqurları və adyalı müsadirə elədilər. Ancaq D. bundan sonra da sevimli oyununu oynamaqda davam elədi. Sadəcə bundan sonra şahmat taxtasını kameranın dama-dama barmaqlığı əvəz eləyirdi. Fiqurlar isə xəyaliydi.
…
«Yox millətimin imzası imzalar içində»… Bu «imzasızlıqdan» isə anonimliyə, anonimlikdən danosbazlığa, danosbazlıqdan 37-yədək linqivistik bir ardıcıllıq.
İndi yol anonimlikdən aşkarlığa doğru. Televiziya kanallarında Realiti şouların və teleoyunların sayəsində camaatımızın ucdantutma populyarlaşdırılması getməkdə. Hamımızı bir-bir ifşa etmək, adi halda məchul, «yazıq» və «mələk» görünən sadə həmvətənlərimizin əsl simasını tirajlamaq yaxşı hal.
…
Qoy indi bir ağız da Amerikadan oxuyum. Oğlum, mənim bu ölkəyə ürəyimin dərin guşələrində bəslədiyim məhəbbət tar-mar olmaqda. Bu ölkənin Azərbaycana hördüyü TORLAR… Minsk qrupunda kuraTORLAR, camaatımıza demokratiya mühazirələri oxuyan araTORLAR, efirimizi basmış terminaTORLAR, Bakını su yoluna döndərmiş senaTORLAR…
…
Bu gün bu əsərə bir cümlə də əlavə eləyə bilmədim… Bu günü həyatımda «sanitariya günü» elan elədim. Bu, həyatı bir balaca yüngülləşdirməkçin, artıq şeylərdən təmizlənməkçin yır-yıgış aksiyası idi.
Əvvəl yaddaşdan başladım. Bütün şagirdlik, tələbəlik, əsgərlik şəkillərimi yandırdım. Hələ təəccübləndim də ki, o vaxt məsələn, serjant Dadabayevlə qol-boyun şəkil çəkdirməyin onunçun, mənimçin, orduyçun, bəşəriyyətçin, o vaxtçün, indiyçin, gələcəkçin nə mənası varmış ki?
Sonra komputerimin yaddaşına satış mərkəzinin yazdıgı iki mindən artıq musiqi zibilini pozdum.
Sonra son 20 il ərzində şairlərin avtoqrafla bağışladığı minə qədər kitabı tulladım getdi. Bu iş bir az uzun çəkdi. Oxucu vicdanım qarşısında rahat olmaq naminə o kitabların hər birindən əlüstü bir şer də oxudum. İndi mənzilin bir kvadratmetrinin 1000 dollara olduğu bir vaxtda bu şair-şüürün otağımda iki kvadratmetr yer tutacaq qədər «yazıb-yaratmaq» həvəsinə və sırtıqlığına əsəbləşdim də.
Belə şakərim də var ki, hərdən ən primtiv bir kitabı da axıradək maraqla oxuyuram, görüm müəllifin həyasızlığı hara qədərdi. Elə lap yaxınlarda «Əsl Azərbaycan Televiziyası 1»-də kino sənətinə ana-bacı söyüşü olan «Koroğlu» filminə 3-cü dəfə axıradək baxdım. Həə, sən öl.
…
İndi oğlum, buyurum ki, vətənimizdə kəşflər yalnız musiqi alətlərinin üzərində edilməkdə. Mən də şahid, elə bu yaxınlarda bir «dahinin» kamançaya iki sim əlavə eləməklə yaratdığı «yeni alətə» bir saat efir vaxtı həsr edildi. Aman yar ey, zalım yar ey, can nənə… Torpaqlarsa işğal altında.
Oğlum, müntəzəm olaraq işğalçılıq müharibələri aparan qədim Romada min illik dövrdə musiqi alətlərinin sayı üçdən o yana keçməmişdi. Arfa, kifara, fleyta… Vəssalam.
Qoy indi sənə öz kəşfimdən deyim. Görərsən, bu «kəşfim» səni, üstünə yüklənmiş çeşidli nəzəriyyələrdən xilas eləyəcək: Dörd kateqoriya var, öğlum: Ölçən (insanlar), ölçülən (şeylər), ölçü vasitələri (tərəzidən termometrədək), ölçü vahidləri (qramdan dərəcəyədək). Bil ki, bizim həyatımızı daima bu dörd ünsür arasındakı münasibətlər tənzimləməkdə. Başqa bütün fəlsəfə və cərəyanlar müvəqqəti, cəfəng və böhranları labüd.
…
Ölkələr var ki, oralarda «işverənlik» cinayətkarlıqla mübarizədə birinci vasitə. O «işverənlik» ki, bizim tərəflərdə «kişiyə yaraşmayan hərəkət».
Həə, sən öl, bizim tərəflərin «kişiləri» faktların satqınlığını qəti eləməz. Bizim «kişilər» bir-birini eləmədikləri əməllərlə ilişdirərlər. Böhtanla, şərlə, şantajla…
Bizim tərəflərdə bir-birinin törətdiyi cinayətləri ört-basdır eləmək mərdlik, insanpərvərlik dəyəri. «Qulp» proqramının şəhər küçələrindəki prikolu yadıma düşür. Həmvətənlərimiz qatilliyini və buna görə də tutulandan sonra qaçdığını diliylə deyən cinayətkarın qollarındakı kilidi necə canfəşanlıqla kəsmək istəyirdilər.
…
Oğlum, indi sənə bir şey deyəcəm, ancaq qorxma. Məsələ bu ki, işgəncələr qarşısında sınan, mövqeyini dəyişən adamları xəyanətkar hesab eləmirəm.
Müqəddəs dəyərlər insanların fiziki və psixoloji imkannlarıyla müəyyənləşməsə yaxşıdı. Təzyiqlər müqabilində geri çəkilməmək qəhramanlıq deyil, nisbi dözümlülük, nisbi güclülük əlamətidi. Geri çəkilmək də heç əqidəsizlik əlaməti deyil.
Gəl belə danışaq da, təkcə siyasət yox, elə mənəviyyat da mümkün olanları həyata keçirmək dəyəridi - məhz mümkün olanları.
Hərçənd ki, həqiqət axtarışının yüksək mənəvi dəyərlərə bir o qədər də dəxli yox. Həqiqət axtarışı daha çox peşəkarlıq tələb eləyir - lap elə mina axtarışı, qızıl axtarışı, cinəyatkar axtarışı kimi .
…
Rəiyyət və Saray (taxt-tac) münasibətlərinin tarixində axmaq bir yeknəsəqlik. İnqilabların tarixi də göstərir, «razı kütlənin» hakimiyyət lideriylə davranış tərziylə «narazı kütlənin» müxalifət lideriylə davranış tərzi arasında heç bir fərq yox. Hər iki halda RƏİYYƏT HÜZURDADIR.
Və adamı axmaq bir sual düşündürməyə başlar: «adama neçə at gücü lazımdı ki, eşşək olmadığını sübut eləyə bilsin?»
Hərçənd «Bizə səs versəniz xoşbəxt həyat sürəcəksiniz» vədini verənler demək istəyirlər ki, «bizim mindiyimiz xoşbəxt həyatı siz sürəcəksiniz»…
…
Ta orasını demirəm ki, «QAYIDIŞ» fəlsəfəsinə bağlılığımız sevmədiyim bir məqam. Çıxıb gedən «yar»a üz tutub «qayıt» yalvarışlarıyla məşğul ədəbiyyatımız… Ən azı meyitimizin ata yurduna qaytarılmasında israrlı yurdçuluğumuz… Doğulan gündən adamı ana və vətən borcunu qaytarmağa təhrik eləyən təhsilimiz…
Gələcəyə yönəlik düşüncələrimiz də «hara gedək?» sualı ətrafında yox, «hara qayıdaq?» tərəddüdləri arasında. Camaatımızın 60 faizində sovet dövrünün, 20 faizində çox uzaqlarda qalmış milli ənənələrin nostaljisi.
…
Artıq insanlarin heç olmazsa tarixə düşmək naminə yaxşı əməllər törədəcəyinə ümidlər də puç olmaqda. İndi Ginnesin «Rekordlar kitabı» daha stimullaşdırıcı, nəinki tarix.
Yarışlar xırda müstəvilərə keçmiş. Tarixə deyil, «qızıl onluqlara», «milyonçu siyahılarına», «fəxri ad siyahılarına» düşmək uğrunda rəqabət getdiyi yerdə artıq böyük əməllər törənə bilməz.
…
Bizim tərəflərdə dərisi soyulan nəsimilərin dəyərə çevrilməsi artıq qeyri-mümkün. Çün, bizim tərəflərin vətəndaşı insan dərilərini bir-birindən ayırmaqda səriştəsiz. Onun bütün enerjisi dərini ayaqqabıda və gödəkçədə tanımaq bacarığında.
Hə də… biz həm də qoyunu motallıq soymaq bacarığının ayrıca bir sənət növünə çevrildiyi tarixi inkişafın sahibiyik.
Bu prosesdə ağ qoç-qara qoç nağılçılığından ağqoyunlu-qaraqoyunlu dövlətçiliyinə qədər keçilmiş bir yol da var.
…
Ruh düşkünlüyü… Indi vətənimizdə bir üzgüNçülük yarişi getməkdə.
Alfred de Myüsse «Əsr adamının iztirabları» kitabında yazır ki, Napeleon müharibələri dövründə «çılğın bir nəsil» yaranmışdı və bu nəsil yalnız qəhramanlıq haqqında düşünürdü. Lakin müharibə qurtarmış, imperator ölmüşdü. Və bu gənclər şərəfdən danışanda onlara belə deyirdilər: «monax olun». Gücdən, fədakarlıqdan danışanda yenə həmin cavab: «monax olun». Ümiddən, sevgidən, həyatdan danışanda yenə həmin münasibət: «monax olun».
Myüsse həmin vəziyyəti «zamansızlıq situasiyası» kimi dəyərləndirir.
Nə isə… Məncə bu vəziyyətdə ən çox darıxan da elə Nemət Pənahlıdı. Yəqin fikirləşir ki, bir imperiyadan-zaddan olsaydı dağıdardıq, bekarçılıq qırdı bizi.
TÜK keçəlin başına…
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: Avqust 12, 2008 19:35 | Bölməsiz |
Şərhlər(0) | Baxış sayı: 113
